Aqrar sahəyə 10, nəqliyyat layihələrinə 842 milyon manat
09 fevral 2011 18:47 (UTC +04:00)

Aqrar sahəyə 10, nəqliyyat layihələrinə 842 milyon manat

2011-ci il dövlət investisiya proqramında kənd təsərrüfatı sahəsinə ayrılmış vəsaitlərin ümumi məbləği 4 milyon manat təşkil edir. Ancaq həmin vəsaitlərin böyük hissəsi birbaşa bu sahənin inkişafına deyil, inzibati xərclərə aiddir.

Lent.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna aid təşkilatlara ayrılan vəsaitləri də nəzərə alsaq, 2011-ci ilin investisiya proqramında bu sahəyə təxminən 10 milyon manat vəsait ayrılıb. Nəqliyyat layihələrinə ayrılmış vəsaitlərin həcmi isə nə az, nə çox - 842 milyon manatdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş proqrama əsasən, bu il kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulmuş dövlət xərcləri sırasında ən böyük yeri yenə də Meliorasiya və Su Təsərrüfatı ASC tutur. Belə ki, bu qurum meliorasiya tədbirlərinə 219,8 milyon manat xərcləyəcək. Kənd təsərrüfatı xərclərindən 15,9 milyon manatı isə Dövlət Baytarlıq Xidmətinə ayrılacaq. Dövlət Fitosanitar Nəzarət Xidmətinin bu xərclərdəki payı 3,5 milyon manat olacaq.

2011-ci ildə ailə-kəndli fermer təsərrüfatlarına subsidiyaların verilməsi üçün 111,6 milyon manat ayrılıb. Üstəlik meliorasiya sistemində maddi-texniki təchizatın möhkəmləndirilməsi üçün əlavə olaraq 50 milyon manat xərclənəcək. Bundan başqa, bu il kənd təsərrüfatı xərcləri içərisində meşə təsərrüfatına 9,7 milyon, balıqçılıq və ovçuluğa isə 2,1 milyon manat xərclənəcək.

İnvestisiya proqramında kənd təsərrüfatı layihələrinin xüsusi çəkisinin az olması ilə yanaşı, bu layihələrin istehsal yükünün olmaması da diqqəti çəkir. Belə ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xərclənəcək 665 min manatın əsas hissəsi yenə də tikinti və yenidənqurma işlərinə xərclənəcək. Məsələn, bu il 395 min manat Tərtərdə Regional Aqrar Elm Mərkəzinin, 80 min manat isə Lənkəran Regional Aqrar Elm Mərkəzinin inzibati binasının yenidən qurulmasına sərf olunacaq. Həmçinin Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsaitin 3 milyon 640 min manatı 14 rayonda inzibati binaların tikintisinə xərclənəcək.

İnvestisiya proqramı çərçivəsində Dövlət Fitosanitar Nəzarət Xidmətinə ayrılmış 1,7 milyon manat vəsait də demək olar müvafiq sahələrə xərclənəcək. Məsələn, Zərdab şərindəki yaşayış binalarının ətrafında kimyəvi maddələrlə çirklənmiş torpaq örtüyünün yeni torpaq qatı ilə əvəzlənməsinə 448 min, Gəncədə bioloji laboratoriyanın tikintisinə 3,5 min, Biləsuvarda isə bitki-karantin məntəqəsinin tikintisinə isə 318 min manat sərf olunacaq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, kənd təsərrüfatı layihələri 3 mənbədən maliyyələşir: dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri, dövlət büdcəsinin investisiya xərcləri və Sahibkarlara Kömək Milli Fondu. Onun sözlərinə görə, bu il dövlət investisiya proqramında kənd təsərrüfatı sahəsinin stimullaşdırılması üçün birbaşa xərclər demək olar ki, yoxdur. Belə ki, proqramda bu istiqamət üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi inzibati və texniki təchizata yönəldiləcək. Üstəlik investisiya proqramında kənd təsərrüfatı xərcləri nəqliyyat layihələrinə ayrılan vəsaitdən təxminən 85 dəfə aşağıdır. Bütün mənbələr hesabına maliyyələşməni götürsək, onda dövlətin nəqliyyat sektoruna ayırdığı vəsaitlər kənd təsərrüfatının inkişafına ayrılan xərclərdən təxminən 2,5-3 dəfə yüksək olur.

Rövşən Ağayev deyir ki, 2011-ci ildə kənd təsərrüfatı sahəsinin ümumi xərcləri 448,1 milyon manat təşkil edəcək. Bunun 426,1 milyon manatı “Kənd təsərrüfatı tədbirləri” adı altında xərclənəcək. Bu təsnifat üzrə xərclərin 750 min manatı kənd təsərrüfatında sığortalanmaya, 10,6 milyon manatı Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə müxtəlif tədbirlərə yönəldiləcək. Həmçinin 13,9 milyon manat yenə də “Müxtəlif kənd təsərrüfatı tədbirləri” adı ilə Dövlət Torpaq və Xəritəçəkmə vasitəsilə xərclənəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar