“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi yaradıldı
25 yanvar 2011 16:49 (UTC +04:00)

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi yaradıldı

Nazirlər Kabineti “Gəncə avtomobil zavodunun Nizamnaməsinin təsdiqi haqqında” qərara əlavə və dəyişiklik edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni əlavə və dəyişikliklərə əsasən, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi yaradılıb. Müəssisə avtomobillərlə bərabər, traktorların və kənd təsərrüfatı təyinatlı texnikaları istehsal edə biləcək. “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin idarəetmə və nəzarət orqanı Müşahidə Şurasıdır. Şura sədr daxil olmaqla, 3 üzvdən ibarətdir. Şuranın sədri və üzvləri Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Şuranın iclası altı ayda bir dəfədən gec olmayaraq çağırılır. Şuranın növbədənkənar iclasları şura üzvlərinin 2/3 hissəsinin tələbi ilə çağırıla bilər. Şuranın iclasında iştirak edənlərin azı 2/3 hissəsi qərara səs verdikdə, həmin qərar qəbul edilmiş sayılır.

Şura “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin keçən il və növbəti illər üzrə mədaxil-məxaric hesabatını və smetasını təsdiq edir, Birliyin və onun müəssisələrinin iqtisadi və sosial inkişafının ümumi istiqamətlərini və xalis mənfəətin bölüşdürülməsi qaydasını müəyyənləşdirir, qiymətli kağızlar almaq haqqında qərar qəbul edir. Eyni zamanda Birlik daxilindəki müəssisələrin, filialların və digər strukturların tərkibində lazımi bölmələrin yaradılması məsələlərini həll edir və onların fəaliyyətinə xitam verir, xarici iqtisadi fəaliyyətin əsas məsələlərinə aid qərar qəbul edir, müəssisə müdiriyyəti ilə əmək kollektivi arasındakı münasibəti tənzimləmək üçün müvafiq tədbirlər görür, Birliyin icraçı direktorunu və onun müavinlərini, tərkibinə daxil olan müəssisələrin direktorlarını müəyyən edilmiş qaydada təyin edir və vəzifədən azad edir və mərkəzi aparatın işçilərinin sayını təyin edir.

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir. “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin tərkibinə “Gəncə avtomobil zavodu” (baş müəssisə), Marketinq və Servis Müəssisəsi və Xüsusi Konstruktor-Texnoloji bürosu daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar