Siyəzəndə 23 sahibkara 235 min manat kredit verilib
14 dekabr 2010 16:08 (UTC +04:00)

Siyəzəndə 23 sahibkara 235 min manat kredit verilib

İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Siyəzəndə keçirib. Tədbirdə Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə SKMF-dən güzəştli kredit almış "Siyəzən Aqro" ASC-nin istixana kompleksinin və "Siyəzən Şərab" ASC-nin fəaliyyəti ilə tanış olublar. Sonra Siyəzən rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev tədbirdəki çıxışında regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini deyib. Onun sözlərinə görə, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Siyəzəndə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb və hazırda bu sahədə işlər davam etdirilir.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev isə deyib ki, fond 2010-cu ilin ötən dövründə 1345 sahibkara 102,4 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5070 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür.

Hazırda SKMF-nin iqtisadiyyatın müxtəlif sahələri üzrə investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirdiyini qeyd edən Şirzad Abdullayev sahibkarları Fondla fəal əməkdaşlığa çağırıb.

Tədbirdə sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda treninq keçirilib, sahibkarlara metodiki materiallar paylanıb. Həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən 23 sahibkarlıq subyektinə 235 min manat güzəştli kredit verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar