Abid Şərifov: “Adamdan kadr hazırlamağa oğul lazımdır”
09 aprel 2010 11:00 (UTC +04:00)

Abid Şərifov: “Adamdan kadr hazırlamağa oğul lazımdır”

“İndi çobanı da “prorab” qoymaq olar. Ona görə də 16 mərtəbəli bina yerə çökdü”. Lent.az-ın məlumatına görə, bu fikrləri 9 aprel İnşaatçılar gününə həsr olunmuş tədbirdə baş nazirin müavini Abid Şərifov səsləndirib.

Tikinti şirkətlərinin fəaliyyətini “topa tutan” A.Şərifov elə Azərbaycanda fəaliyyət göstərən onlarla şirkət rəhbərinin və mütəxəssisin içində konkret ad çəkmədən ümumi şəkildə sözünü deyib. Öncə diqqəti bəzi tikinti şirkətlərində kadrlarının qeyri-peşəkar olmasına yönəldən baş nazirin müavini şirkətlərin kadr seçimi sahəsinə çox az diqqət ayırdıqlarını bildirib: “Mən uzun illər çalışırdım ki, tikinti sahəsi üçün kadrların hazırlanmasına Dünya Bankından kredit alaq. Nəhayət, bu yaxınlarda belə bir layihəmiz qəbul olundu. Kadrlar göydən yerə düşmür... Bərkə düşəndə deyirik ki, adam çatışmır. Amma adamdan çox adam var. Sadəcə olaraq adamdan kadr hazırlamağa oğul lazımdır”.

A.Şərifov deyib ki, tikinti şirkətləri var ki, dörd tərəfində tarixi binalar yerləşən ərazidə işlər aparır və heç nəyə məhəl qoymur. Şikayətlərə, narazılıqlara fikir vermədən necə gəldi işləyir. Bu cür şirkətləri qayda-qanunlara əməl etməyə çağıran baş nazirin müavini xaricdə beynəlxalq layihələri qazanmış digər Azərbaycan şirkətlərindən misal gətirib: “Bizim bəzi şirkətlər xaricdə keçirilən tikinti layihələrinin qalibi olub. Azərbaycan deyil ki, kimsə filankəsə iş verdi. Onların qazandığı heç də xırda layihələr deyil. 100-150 milyon dollarlıq işlərdir. Bəzi inşaat şirkətləri heç Azərbaycan qaydaları ilə işləməyi belə bilmirlər”.

A.Şərifov keyfiyyətsiz bina inşa edənləri isə daha kəskin atəşə tutub: “Bu yaxınlarda Lənkəran zonasında 15 metr/saniyə sürətində külək əsdi. Bir il əvvəl tikilmiş məktəbin damı düşdü. Təsəvvür edin ki, Bakıda külək 35 metr/saniyə olur. Bilmirəm bu cür tikinti işlərini aparmış şirkət rəhbərinin allahı, dini, imanı, vicdanı varmı?”.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar