Zinəddin Zidan yenidən məşqçiliyə qayıtmaq istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Alpin Formula 1” komandasının gənclərlə bağlı layihələrində səfir vəzifəsinə təyin olunmuş “Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan məşqçiliyə qayıtmaq istədiyini və iki vəzifəni birləşdirə biləcəyini söyləyib.
“Bu, Alpin ilə razılaşmamızın bir hissəsi olaraq qalır. Sabah hansısa komandanın rəhbərliyini üzərimə götürməli olsam, bu mənim Formula-1-dəki işimə mane olmayacaq. Məşqçiliyə qayıtmaq istəyim olaraq qalır. İndi boş vaxtım var, amma nə qədər davam edəcəyini bilmirəm. Ola bilsin ki, iyuna qədər vaxtım var, amma hər şey çox tez baş verə bilər”, – deyə Zidan qeyd edib.
50 yaşlı mütəxəssis 3 dəfə Çempionlar Liqasının qalibi olduğu "Real Madrid"dən 2021-ci ilin mayında ayrılıb. O, Fransa millisinin baş məşqçisi postuna əsas namizədlərdən biri hesab edilsə də, sonradan “üçrəngli”nin hazırkı çalışdırıcısı Didye Deşamla müqavilə müddəti uzadılıb.