“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatının bütün ¼ finalçıları müəyyənləşib. Boks Federasiyasından Lent.az-a verilən məlumata görə, 56 kq çəki dərəcəsində favoritlər 1/8 final mərhələsinin döyüşlərini qələbə ilə başa vurublar.
Neft Ölkələrinin Dünya Kuboku yarışında 3-cü olmuş İlkin Ağayev Sübhan Məmmədov üzərində 15:2 hesabı ilə qələbə qazanıb. Uzun illər milli komandamızın heyətində çıxış etmiş Rəhim Nəcəfov da 1/4 finala yüksəlib. Təcrübəli boksçu Sultan Paşazadəni tam üstünlüklə məğlub edib.
2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov Amid Orucov üzərində 25:7 hesabı ilə qələbə qazanıb. 19-22 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatçısı Cavid Çələbiyev isə Tural Mayılovu yarışdan kənarlaşdırıb – 22:8.
60 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən olan Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı, gənclər arasında dünya birinciliyinin bürünc medalçısı Elvin İsayev Namiq Hüseynovu üstələyib. Bu çəkidə gənclər arasında dünya çempionu Şaban Şahpələngov da 1/4 finala vəsiqə qazanıb. “Qızıl Əlcək” klubunun üzvü İman Əhmədlini məğlub edib.
69 kq çəki dərəcəsində əsas favoritlərdən olan Tamerlan Abdullayev Rəşad Cavadov üzərində qələbə qazanıb. İsmət Eynullayev isə Tural Əmirovla döyüşdən qalib ayrılıb.
2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının iştirakçısı Emil Əhmədov (75 kq) 1/8 final mərhələsində Zaqatala təmsilçisi Bəkir Bəkirovla qarşılaşıb. Artıq 3-cü raundda Bəkirovun məşqçiləri döyüşü dayandırmağı qərara alıblar.
2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Soltan Migitinov isə Azərbaycan çempionatında ikinci qələbəsini qazanıb. “Baku Fires” klubunu təmsil edən boksçu Zaur Ramazanovdan üstün olub. Migitinovu 1/4 finalda çətin görüş gözləyir. O, yarımfinala vəsiqə qazanmaq üçün gənclərdən ibarət milli komandamızın üzvü Saqi Salehlini məğlub etməlidir.
London Olimpiadasının daha bir iştirakçısı Vətən Hüseynli (81 kq) çətinlik çəkmədən növbəti mərhələyə yüksəlib. Hüseynlinin rəqibi 1/8 final mərhələsində rinqə çıxmayıb.
91 kq çəki dərəcəsində medallara iddialılardan Abdulqadir Abdullayev (Baku Fires) və superağır çəki dərəcəsində Kamran Mehdiyev (Rabitə) 1/4 finala vəsiqə qazanıblar. Ölkə çempionatında yanvarın 12-də yekun vurulacaq.