Vyetnam hökuməti 2019-cu il Asiya Oyunlarını keçirməkdən imtina edib. Lent.az-ın məlumatına görə, səbəb tədbirin təşkili üçün vəsaitin olmaması və Oyunlar zamanı çətinliklər yaranacağı təqdirdə, ölkənin imicinin korlanma riskidir.
Ölkə rəsmiləri bildiriblər ki, Oyunlar lazımi qaydada keçirilsə, ölkənin müsbət obrazı yaranar və dünyada mövqeyinin yüksəlməsinə xidmət edər. Hazırlıq lazımi səviyyədə olmayacağı təqdirdə isə bu, işlər əks effekt verə bilər. “Vəsaitimiz məhduddur və daha prioritet vəzifələr üçündür” deyə hökumətin bəyanatında vurğulanıb.
Qeyd edək ki, idman obyektlərinin tikintisini və lazımi infrastrukturu nəzərdə tutan Oyunların keçirilməsinə hazırlıq Oyunları təşkil edən ölkədən milyardlarla dollar xərc tələb edir. Asiya Oyunları qitənin bütün ölkələri arasında 1951-ci ildən keçirilir. Oyunlara nəzarəti Beynəlxalq Olimpiya Komitəsi həyata keçirir.