Azərbaycanın dünyasını dəyişmiş veteran futbolçusu Nizami Salahov Gəncədəki Fəxri Xiyabanda dəfn olunacaq. Lent.az-ın məlumatına görə, mərhumla vida mərasiminə Gəncə və Qərb Regional Futbol federasiyalarının rəsmiləri də qatılıblar.
Bu barədə Lent.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib. O qeyd edib ki, AFFA rəhbərliyi veteranlarla birgə iyunun 12-də Gəncəyə yollanaraq, Salahovun yas mərasiminə qatılacaq. Nərimanoğlu mərhum futbolçuya xəstə olduğu vaxtlarda daim dəstək olduqlarını xatırladıb: “Federasiyamızın baş katibi Elxan Məmmədov Gəncədə olduğu vaxt Salahova baş çəkib. Sonradan veteran futbolçu müalicəsini Bakıda qızının evində davam etdirdiyi vaxt mən digər veteran Asim Xudiyevlə birgə həmin evdə olmuşuq. Hər iki halda Salahova dəstək olmuşuq”.
Qeyd edək ki, Nizami Salahov uzun sürən xəstəlikdən sonra iyunun 10-da 68 yaşında dünyasını dəyişib. Veteran futbolçu bu gün Gəncədəki Fəxri Xiyabanda dəfn olunacaq.