UEFA İntizam Komitəsi Türkiyənin “Fənərbağça” klubuna yenidən ağır cəza verib. Lent.az-ın məlumatına görə, səbəb azarkeşsiz keçirilən Belarus BATE-si ilə Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə “sarı-lacivərdli” fanatların bayırdan “Şükrü Saracoğlu” stadionuna yad əşyalar tullamaları olub.
İntizam Komitəsi “Fənər”in Çexiya “Viktoriya”sı ilə martın 15-də nəzərdə tutulan 1/8 final mərhələsindəki ev oyununun da boş tribunalar önündə təşkilinə qərar verib. Türkiyə klubuna 60 min avro cərimə kəsilib və bu vəsaitin ödənilməsi üçün 60 gün vaxt qoyulub. BATE ilə səfər matçında qırmızı vərəqə alan Raul Meyreleş isə 3 oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Meyreleş “Viktoriya” ilə hər iki qarşılaşmanı buraxacaq.
UEFA “Fənərbağça”nı 1 il müddətinə Avropa kuboklarından kənarlaşdırıb. Lakin bu cəza azarkeşlərin analoji davranışları qarşıdakı 2 il müddətində təkrarlanacağı halda qüvvəyə minəcək.