Türkiyə millisinin ən böyük uğurunun memarı istefa verdi
Türkiyənin “Trabzonspor” futbol komandasında baş məşqçi dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, Superliqanın 19-cu turunda “Elazığspor”a 1:3 hesablı məğlubiyyətin ardından Şenol Günəş Trabzon komandasının sükanını tərk edib.
Onun əvəzinə Tolunay Kafkaz gətirilib. Bununla da Türkiyə yığmasına tarixinin ən böyük uğurunu - 2002-ci il dünya çempionatının bürünc medalının qazandırmış Günəşin “Trabzonspor”da 4-cü dəfə baş məşqçilik dönəmi də sona çatıb.
Qeyd edək ki, Şenol Günəş “Trabzonspor”a 2009-2010-cu il mövsümünün ortalarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “bordo-mavililər” 2010-cu ildə Türkiyə Kubokunu və Superkuboku qazanıb. 2010-2011-ci il mövsümündə isə bu komanda 2-ci yeri tutub və növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Bu mövsüm isə “Trabzonspor” Günəşin rəhbərliyi altında 19 turdan 24 xalla 11-ci pilləyədək geriləyib.