Tovuz şəhər stadionu da belə getdi...
11 fevral 2013 16:34 (UTC +04:00)

Tovuz şəhər stadionu da belə getdi...

Tovuz şəhər stadionundakı təbii ot örtüyü süni örtüklə əvəzlənəcək. Bu haqda Lent.az-a həmin arenada ev oyunlarını keçirən “Turan” futbol komandasının baş məşqçisi Əfqan Talıbov məlumat verib.

 

O bildirib ki, fevralın 11-dən AFFA-nın mütəxəssisləri Tovuz şəhər stadionunun ot örtüyünə baxış keçirməyə başlayıblar. Talıbovun sözlərinə görə, stadionun ot örtüyünün çimləri kəsilərək, meydançanın arxasındakı boş əraziyə döşənəcək. Əvəzində əsas meydançaya süni örtük döşənəcək. Yağış sularının yığılıb qalmaması üçün isə süni örtüyün altında drenaj sistemi qurulacaq. Çimlərin döşənəcəyi ərazinin ölçüləri futbol meydançasının ölçülərinə uyğun olmadığından, “Turan” rəqiblərini süni örtüklü meydançada qəbul edəcək. Təbii örtüklü meydança isə ev oyunlarını belə örtükdə keçirən komandalarla oyuna hazırlıq məqsədilə istifadə olunacaq. Stadionda süni ot örtüyünün döşənməsinə fevralın 20-dən başlanacaq və işlərə mayadək yekun vurulacaq.

 

Bir müddət öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Tovuz və Gəncə şəhər stadionlarının təbii ot örtüyünün süni örtüklə əvəzlənməyəcəyini bildirib. O, qeyd edib ki, süni örtük yeni ərazidə salınacaq. Amma “Turan”ın baş məşqçisi Tovuzda bu variantın qeyri-mümkün olduğunu bildirib: “Gəncə şəhər stadionunun ərazisi genişdir. Orada “Kəpəz”in bazasının ərazisində daha bir meydança salmaq olar. Lakin Tovuz şəhər stadionunun ərazisinə iki futbol meydançasını yerləşdirmək olmaz. Qaraxanlı kənd stadionu isə “Turan”ın balansında deyil”.

 

Qeyd edək ki, “Turan” Topaz Premyer Liqasının XVI turundan təxirə salınan görüşdə “Bakı”nı paytaxtdakı “Bakcell Arena”da qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2462
avatar

Oxşar yazılar