Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Turan”ın futbolçuları Ruslan Zubkov və Nuqzar Kvirtiyaya AZAL tərəfindən oyun satmağın təklif olunması barədə xəbərə münasibət bildirib. O, Lent.az-a açıqlamasında məsələnin araşdırılacağını söyləyib: “Həm Kvirtiya, həm də Zubkov Azərbaycana qayıtdıqdan sonra özlərini də çağıraraq, məsələni araşdıracağıq. Əgər deyilənlər təsdiqlənərsə, AZAL-a, həmin klubdan onlara müraciət edənə, eləcə də faktı bildikləri halda, gec açıqladıqları üçün futbolçuların özlərinə qarşı ciddi sanksiyalar tətbiq olunacaq”.
*****
18.57
Tovuzun “Turan” komandasının 2 futbolçusuna Bakının AZAL klubu tərəfindən oyun satmaq təklif olunub. Bu haqda Lent.az-a “Turan”ın vitse-prezidenti Namiq Məstanov açıqlama verib.
O bildirib ki, Topaz Premyer Liqasının XVIII turu öncəsi Ruslan Zubkov və Nuqzar Kvirtiyaya paytaxt klubundan belə bir təklif aldıqlarını bildiriblər: “Mənə baş məşqçimiz Əfqan Talıbov Zubkovla Kvirtiyanın AZAL-dan oyunu satmağa dair təklif aldıqlarını bildirdi. Mən də həmin oyunçuları bir-bir otağıma çağırdım. Onlar da təsdiqlədilər. Hətta Zubkov məbləği də dedi: 6 min manat. Mən də ilin son oyunu öncəsi bu faktları ictimaiyyətə açıqlamaqla ajiotaj yaratmaq istəmədim. Həm də Zubkovu müqavilə ilə məxsus olduğu AZAL-a göndərməyi, Kvirtiyanı isə komandadan kənarlaşdırmağı planlaşdırmışdıq”.
AZAL klubunun mətbuat katibi Eldəniz Yusifov isə Lent.az-a açıqlamasında məsələni araşdıracaqlarını bildirib: “Hazırda Zubkov məzuniyyətdədir. Gələn ayın 8-də komandamızın düşərgəsinə qayıdacaq. Onu bu məsələ ilə bağlı sorğu-suala çəkəcəyik. Əgər dediklərini sübut edə bilməsə, komandamızdan qovulacaq”.
Kvirtiyaya gəldikdə, Yusifov həmin oyunçunun artıq AZAL-a məxsus olmadığını, bu səbəbdən, məsələni digər instansiyaların araşdırmasının gərəkliyini vurğulayıb.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə Lent.az-a bildirib ki, məlumat saytda yerləşdirildikdən sonra mövqeyini açıqlayacaq.
Qeyd edək ki, “Turan” – AZAL oyunu Topaz Premyer Liqasının XVII turuna təsadüf edib. Görüş qolsuz tamamlanıb – 0:0. Həm Ruslan Zubkov, həm də Nuqzar Kvirtiya qarşılaşmada iştirak etməyib.