Futbol üzrə Topaz Premyer Liqasında XXV tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda “Qəbələ” Zaqatala “Simurq”unu qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri yeni baş məşqçinin rəhbərliyi altında çıxıblar. Bir neçə gün öncə Ramiz Məmmədov istefa verdiyi üçün komandanı matça əvəzedici heyətin ispaniyalı baş məşqçisi Luis Araqon hazırlayıb. Amma o da komandaya çarə tapmayıb. Görüş heç-heçə nəticələnib – 1:1.
Düzdür, hesabı “Qəbələ” açıb. 54-cü dəqiqədə Rodriges Assisin yerinə yetirdiyi cərimə zərbəsindən sonra “Simurq”un qapıçısı David Petrjkeviç səhvə yol verib və top tora daxil olub. Amma qonaqlar sonuncu dəqiqədə hesabı bərabərləşdirə biliblər. Tomislav Buşiç “Qəbələ”nin müdafiəsindəki səhvdən yararlanmağı bacarıb.
Bu nəticədən sonra komandalar aktivlərinə hərəyə 1 xal yazıblar. Lakin “Simurq” 40 xalla 4-cü, “Qəbələ” 33 xalla 6-cı pillədə qalıb. Turun qalan oyunları həftəsonu baş tutacaq:
6 aprel (şənbə)
15:00. “Bakı” – “İnter” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
16:00. “Kəpəz” (Gəncə) – “Xəzər Lənkaran”
Bakı, “Dalğa Arena” stadionu
17:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “Bakcell Arena”
7 aprel (bazar)
17:00. “Rəvan” (Bakı) – “Sumqayıt”
Bakı, “Bayıl Arena”
17:30. AZAL (Bakı) – “Turan” (Tovuz)
Bakı, “AZAL Arena”.