Azərbaycan idmançıları ağır atletika üzrə Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış ediblər. Atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar.
Avropa çempionatına əsas maliyyə dəstəyi göstərən Azərbaycan “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov müxbirimizlə söhbətində deyib: “Bu çempionatda “Zirvə” klubunun da yetirmələri iştirak ediblər. Amma bizim üçün hansı klubun üzvünün qələbəsi deyil, ümumilikdə Azərbaycan atletlərinin qələbəsi vacib idi. İdmançılarımızın ümumi hesabda 9 medal qazanması çox böyük uğurdur. Bu həm də, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir. İdmançılarımız bu qayğını qazandıqları medallarla qiymətləndiriblər. Qarşıda bizi daha böyük sınaqlar gözləyir. İnanıram ki, atletlərimiz dünya çempionatından da çoxlu medalla qayıdacaqlar”.