Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda davam edən İddiaçılar Turnirində ilk məğlubiyyətlə üzləşib. Lent.az-ın məlumatına görə, Rəcəbov III turda rusiyalı Boris Svidlerə sonadək müqavimət göstərə bilməyib.
Qara fiqurlarla oynayan təmsilçimiz matçın gedişində seytnot vəziyyətinə düşüb. Lakin o, çətin durumdan qurtula bilib. Bununla belə, Rəcəbov fiqur sayında azlıqda qalıb və rəqibinin 55-ci gedişindən sonra təslim olub.
Digər oyunların nəticələri:
Vasili İvançuk (Ukrayna) – Levon Aronyan (Ermənistan) – 0:1
Boris Gelfand (İsrail) – Maqnus Karlsen (Norveç) – 0:1
Vladimir Kramnik (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
3 turdan sonra vəziyyət:
1. Levon Aronyan – 2,5 xal, 2-3. Maqnus Karlsen, Peter Svidler – hərəyə 2 xal, 4 – 6. Teymur Rəcəbov, Vladimir Kramnik, Aleksandr Qrişuk – hərəyə 1,5 xal, 7-8. Vasili İvançuk, Boris Gelfand – hərəyə 0,5 xal.
Qeyd edək ki, növbəti turun görüşləri martın 19-da olacaq. Aronyan Svidlerlə, Rəcəbov Kramniklə, Karlsen Qrişukla, Gelfand isə İvançukla üz-üzə gələcək.