Teymur Rəcəbovdan dramatik məğlubiyyət
01 aprel 2013 09:04 (UTC +04:00)

Teymur Rəcəbovdan dramatik məğlubiyyət

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən İddiaçılar Turnirində 6-cı məğlubiyyətlə üzləşib. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 26 yaşlı təmsilçimiz bu dəfə norveçli Maqnus Karlsenə uduzub.

 

Rəcəbov ilk dövrədə Karlsenlə qara fiqurlarla heç-heçə etməyi bacarmışdı. Amma bu dəfə şahmatçımız ağ fiqurlarla yenilib. Görüş isə 7 saatadək davam edib. Qaydalara əsasən, tərəflər əvvəlcə hərəyə 2 saat ərzində 40, ardından 1 saata 20 gediş və nəhayət, qarşılaşmanın sonunadək hər gedişə 30 saniyə əlavə olunmaqla, qarşılaşmanın axırınadək oynamalıdırlar. Həmyerlimiz yenə ənənəsinə sadiq qalaraq, tez-tez seytnota düşüb. Xüsusən, o, görüşün sonluğunda vaxtının tamamlanmasına saniyələr qalmış gedişini edib. Lakin qələbəyə daha çox ehtiyacı olan Karlsen 89-cu gedişdən sonra Rəcəbovu təslim edə bilib – 1:0.

 

Cəmi 23 yaşa malik norveçli qrossmeyster bu qələbə sayəsində liderliyini geri qaytarıb. Onun 1-ci pilləyə yüksəlişində rusiyalı Vladimir Kramnikin ağ fiqurlarla israilli Boris Gelfandı yenə bilməməsi də az rol oynamayıb. Bu görüş isə 6 saatadək davam edib. Kramnikin cəhdlərinə baxmayaraq, Gelfand rəqibini 59-cu gedişdən sonra heç-heçəyə razılaşmaq zorunda qoyub – 0,5:0,5.

 

Rusiyalı Aleksandr Qrişukla ermənistanlı Levon Aronyanın qarşılaşmasında da eyni nəticə qeydə alınıb. Bu nəticədən sonra Aronyanın İddiaçılar Turnirində qalib ola bilməyəcəyi dəqiqləşib. Daha bir rusiyalı, son turlar uğurlu oyun sərgiləyən Peter Svidler isə ağ fiqurlarla ukraynalı Vasili İvançuku üstələyib – 1:0.

 

Beləliklə, 13-cü turdan sonra hərəyə 8,5 xala malik Karlsenlə Kramnik turnir cədvəlinə başçılıq edirlər. Hərəyə 7 xalı olan Aronyanla Svidler 3-4-cü, hərəyə 6 xalı olan Gelfandla Qrişuk 5-6-cı, 5 xalı olan İvançuk 7-ci, 4 xala malik Rəcəbov isə 8-ci yeri tutur. Bu turnirdə 2 və daha çox şahmatçının xalları bərabər olarsa, şəxsi görüşlərdəki nəticələrinə, o da bərabər olarsa, qazandıqları ümumi qələbə sayına baxılır. Karlsen məhz qələbə sayında Kramniki 6:5 nisbətində üstələdiyi üçün 1-ci pillədədir. Bu isə o deməkdir ki, aprelin 1-də keçiriləcək son turda bu iki şahmatçı eyni nəticə göstərsə, qalib adını norveçli qazanacaq. 14-cü turun görüşləri isə bunlardır:

 

Maqnus Karlsen (Norveç) – Peter Svidler (Rusiya)

Vasili İvançuk (Ukrayna) – Vladimir Kramnik (Rusiya)

Boris Gelfand (İsrail) – Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov (AZƏRBAYCAN).

 

 

 

  

# 1391
avatar

Oxşar yazılar