Böyük Britaniyanın paytaxtı Londonda keçirilən şahmat üzrə İddiaçılar Turnirində ikinci dövrəyə start verilib. Lent.az-ın məlumatına görə, martın 24-də baş tutan 8-ci turda Azərbaycan təmsilçisi Teymur Rəcəbov ağ fiqurlarla israilli Boris Gelfandı sınağa çəkib.
İlk dövrədə bu iki şahmatçı arasındakı qarşılaşma heç-heçə başa çatmışdı. Həmin vaxt Rəcəbov qara fiqurlarla xalları yarı bölməyi bacarmışdı. Amma bu dəfə şahmatçımız uğursuzluğa düçar olub. 32-ci gedişdən sonra təmsilçimiz təslim olub. Bununla da cəmi 3 xala malik Rəcəbov liderlərdən 2,5 xal geri düşüb. Halbuki ilk 2 pillədəki Maqnus Karlsenlə Levon Aronyan heç-heçə etdiyindən, şahmatçımızın xal fərqini azaltmaq imkanı var idi.
Bu, Rəcəbovun turnirdə 3-cü məğlubiyyəti olub. Daha öncə o, Peter Svidler və Levon Aronyana uduzub. Yalnız İvançuku yenə bilən şahmatçımız daha 4 görüşünü heç-heçə ilə başa vurub.
Teymur Rəcəbov (Azərbaycan) – Boris Gelfand (İsrail) – 0:1
Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Vasili İvançuk (Ukrayna) – 1:0
Vladimir Kramnik (Rusiya) – Peter Svidler (Rusiya) – 1:0
8 turdan sonra hərəyə 5,5 xala malik Karlsenlə Aronyan turnir cədvəlinə başçılıq edirlər. Kramnik 4,5 xalla 3-cü, Qrişuk 4 xalla 4-cü pillədədir. Hərəyə 3,5 xalı olan Gelfandla Svidler sonrakı 2 pilləni bölüşdürürlər. 7-ci pillədəki Rəcəbovun 3 xalı var və o, autsayder İvançuku 0,5 xal qabaqlayır.
Martın 25-də keçiriləcək 9-cu turda Kramnik Karlseni, Gelfand Aronyanı, Svidler Qrişuku, İvançuk isə Rəcəbovu sınağa çəkəcək.