Teymur Rəcəbov üçün münasib təqvim
14 mart 2013 12:59 (UTC +04:00)

Teymur Rəcəbov üçün münasib təqvim

“İddiaçılar Turnirinin təqvimi Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçün uğurludur”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

 

Bu da təsadüfi deyil. Çünki Rəcəbov Beynəlxalq Şahmat Federasiyasının son reytinq siyahısında özündən irəlidə olanlarla ilk turlarda üz-üzə gəlməyəcək. Şahmatçımız 3-cü pillədə olan Vladimir Kramniklə 4-cü, 2-ci pillədəki Levon Aronyanla 6-cı turda ağ fiqurlarla üz-üzə gələcək. Yalnız ən reytinqli şahmatçı Maqnus Karlsenlə qara fiqurlarla qarşılaşacaq Rəcəbovun bu görüşü ilk dövrənin son turuna təsadüf edəcək. Elə ikinci dövrədə də ən güclü rəqiblərlə görüşlər son turlara təsadüf edəcək.

 

Məmmədov İddiaçılar Turnirinin bu gün Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək açılış mərasiminə yollanıb. Mərasimə gənclər və idman naziri Azad Rəhimov da qatılıb. Rəhimov səfər öncəsi “Düşünürük ki, Rəcəbovun şansları çox yüksəkdir. Biz onun turniri birinci yerdə başa vura biləcəyinə inanırıq” deyib. Amma AŞF rəsmisi Rəcəbovdan yalnız uğurlu çıxış gözlədiklərini deməklə kifayətlənib.

 

Vitse-prezident şahmatçımızın hazırlıq planı barədə ətraflı danışmaqdan imtina edib. Onun sözlərinə görə, Rəcəbov turnirə 4 ay öncə başlayıb və martın əvvəllərində hazırlıq prosesini başqa ölkədə davam etdirmək üçün ölkəmizi tərk edib.

 

Qeyd edək ki, İddiaçılar Turnirində 8 şahmatçı mübarizə aparacaq. Daha 4 şahmatçı Boris Gelfand,  Vasili İvançuk, Peter Svidler və Aleksandr Qrişuk olacaq. Təmsilçimiz martın 16-da keçiriləcək ilk turda Gelfandla qarşılaşacaq. Turnirə aprelin 1-də yekun vurulacaq.

# 616
avatar

Oxşar yazılar