Londonda keçirilən şahmat üzrə İddiaçılar Turnirində daha bir tur geridə qalıb. Lent.az-ın məlumatına görə, 11-ci turda norveçli Maqnus Karlsen qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla heç-heçə etsə də, liderliyini qoruyub.
Buna ermənistanlı Levon Aronyanın qara fiqurlarla rusiyalı Peter Svidlerə uduzması səbəb olub. Əvəzində daha bir rusiyalı Vladimir Kramnik ağ fiqurlarla Azərbaycan təmsilçisi Teymur Rəcəbov üzərində qələbə sayəsində ikinci pilləyə yüksəlib. Bu, Rəcəbovun turnirdə 5-ci məğlubiyyəti olub. 11 tur ərzində cəmi 1 qələbə qazana bilən həmyerlimiz daha 5 qarşılaşmadan heç-heçə ilə ayrılıb.
Aleksandr Qrişuk (Rusiya) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Vladimir Kramnik (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 1:0
Peter Svidler (Rusiya) – Levon Aronyan (Ermənistan) – 1:0
Vasili İvançuk (Ukrayna) – Boris Gelfand (İsrail) – 0,5:0,5
11 turdan sonra vəziyyət:
1. Karlsen – 7,5; 2. Kramnik – 7; 3. Aronyan – 6,5; 4. Svidler – 5,5; 5-6. Gelfand, Qrişuk – hərəyə 5; 7. İvançuk – 4; 8. Rəcəbov – 3,5.
12-ci tur martın 29-da keçiriləcək: Karlsen – İvançuk, Aronyan – Kramnik, Gelfand – Svidler, Rəcəbov – Qrişuk.
***
22.14
İddiaçılar Turnirində 11-ci turun son görüşü də başa çatıb. Peter Svidler (Rusiya) ağ fiqurlarla Levon Aronyanı (Ermənistan) məğlub edib. Aronyan 41-ci gedişdən sonra təslim olub.
***
21.54
Vladimir Kramnik - Teymur Rəcəbov görüşü başa çatdı. Rəcəbov 37-ci gedişdə təslim oldu.
****
saat 18.59
Vasili İvançuk – Boris Gelfand görüşü başa çatıb – 0,5:0,5. Tərəflər 17-ci gedişdən sonra “sülh” bağlayıblar.
Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turuna start verilib.Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla oynayır.
Onun rəqibi isə Avropa, dünya və 3 qat olimpiya çempionu, rusiyalı Vladimir Kramnikdir.
Digər rəqiblərə gəldikdə, lider Maqnus Karlsen (Norveç) qara fiqurlarla Aleksandr Qrişukla (Rusiya), Peter Svidler (Rusiya) Levon Aronyanla (Ermənistan), Vasili İvançuk (Ukrayna) isə Boris Gelfandla (İsrail) qarşılaşır.
Qeyd edək ki, 10 turdan sonra Karlsen 7 xalla turnir cədvəlinə başçılıq edir. Aronyan ondan 0,5 xal, Kramnik 1 xal geri qalır. Gelfand, Qrişuk və Svidler hərəyə 4,5 xalla 4 – 6-cı, İvançukla Rəcəbov isə hərəyə 3,5 xalla 7-8-ci yerləri bölüşdürürlər.