Terrorun baş verdiyi Boston marafonunda Azərbaycan idmançısı olmayıb
16 aprel 2013 16:07 (UTC +04:00)

Terrorun baş verdiyi Boston marafonunda Azərbaycan idmançısı olmayıb

Partlayışın baş verdiyi Boston marafonunda Azərbaycanın heç bir idmançısı iştirak etməyib. Bu haqda Lent.az-a atletika üzrə milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.

 

Sultanzadə bildirib ki, atletlərimizdən Tilahun Əliyev daha öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş marafonda 18-ci yeri tutaraq, 10 – 18 avqustda Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq dünya çempionatına lisenziya qazanıb. Bu səbəbdən, Boston marafonuna heç bir idmançı göndərilməyib. Baş məşqçinin sözlərinə görə, dünya çempionatında marafon qaçışı üzrə başqa idmançımızın iştirakı nəzərdə tutulmayıb. Əvəzində o, qısa məsafələrə qaçış üzrə Layeş Abdullayeva ilə çəkicatan Dmitri Marşinin də çempionata vəsiqə qazanacaqlarına ümid etdiyini vurğulayıb.

 

Qeyd edək ki, aprelin 15-də ABŞ-da keçirilmiş Boston marafonunda faciə baş verib. Sonuncu iştirakçının finişi keçməsindən sonra törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 150-dək insan yaralanıb. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası hadisə ilə terror aktı ilə əlaqədar bəyanat yayaraq, dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.

# 1054
avatar

Oxşar yazılar