İspaniyanın “Real Sosyedad” futbol komandasının futbolçuları 2001-2008-ci illərdə dopinq qəbul ediblər. Lent.az-ın məlumatına görə, belə sensasion açıqlamanı “AS” nəşrinə klubun sabiq prezidenti İnyaki Badiola verib.
Badiola bildirib ki, 2008-ci ildə “Real Sosyedad” həkimlər Eduardo Eskobar və Anton Qoroçateqanı ifşa edərək, onların qanunsuz fəaliyyətlərini rəsmən bəyan edib: “Onlar klubumuzdakı 6 illik fəaliyyətləri dövründə futbolçulara həmin dövrdə qadağan olunmuş preparatlar veriblər. Klub rəhbərləri həkimlərə “qara kassa”dan pul verərək, dərmanları gizli yerlərdən aldırırdılar”.
Qeyd edək ki, “Real Sosyedad”ın heyətində vaxtilə türkiyəli futbolçular Tayfun Korkut və Nihat Kahveçi də çıxış edib. Korkut 2000 – 2003, Kahveçi isə 2002 – 2008-ci illərdə bask klubunun şərəfini qoruyub. Onlar “Real Sosyedad”ın heyətində 2002-2003-cü il mövsümünü İspaniya çempionatında gümüş medalla başa vurublar. Bu komanda 2006-2007-ci il mövsümünü 19-cu pillədə başa vuraraq, aşağı liqaya enib. Klub Primeraya 2010-2011-ci il mövsümündə qayıdıb və hazırda 9-cu pillədə qərarlaşıb.