“Qızıl top”un yeni sahibinin seçimi zamanı saxtakarlığa yol verilib. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, bəzi futbolçular, baş məşqçilər və jurnalistlər başqa oyunçulara verdikləri səsin FİFA tərəfindən Lionel Messiyə yazıldığını iddia ediblər.
Konkret, Çexiya və Braziliya yığmalarının kapitanları Tomaş Rositski ilə Tyaqu Silva İtaliya millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Mario Balotelliyə səs verdiklərini bildiriblər. Amma ali futbol qurumu onların Messini hamıdan güclü saydıqlarını göstərib.
Bundan başqa Qabon millisinin baş məşqçisi Paulo Duarte Kriştianu Ronalduya səs verdiyi halda, argentinalı hücumçunun birinci yazılmasına təəccüblənib. İtaliya yığmasının kapitanı Canluici Buffon da eyni fikirləri səsləndirib.
Qeyd edək ki, İspaniyanın “Barselona” klubu və Argentina milli komandasının futbolçusu Lionel Messi 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu sayılıb.