Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstan Futbol Federasiyası (GFF) və Gürcüstan Şahmat Federasiyası (GŞF) ilə baş sponsorluq müqaviləsini uzadacaq. Bu haqda Lent.az-a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov açıqlama verib.
O bildirib ki, 2013-cü ilin sonunadək nəzərdə tutulan yeni anlaşma fevralın 15-dək imzalanacaq. Məmmədov müqavilələrin maddi tərəflərini açıqlamasa da, GFF-ə ödəniləcək vəsaitin əvvəlki illərə nəzərən az olacağını etiraf edib: “Futbol qurumuna verəcəyimiz pulu azaltmaq niyyətindəyik. Şahmat Federasiyasına gəldikdə, verdiyimiz pul əvvəllər də yüksək deyildi”.
Qeyd edək ki, Bidzina İvanişvili Gürcüstanın baş naziri seçildikdən sonra SOCAR-ın Gürcüstandakı layihələrinə problemlər yaratmağa başlamışdı. Mahir Məmmədov isə ötən ilin sonlarında Lent.az-a açıqlamasında GFF-lə yeni müqavilənin bağlanıb-bağlanmamasına İvanişvilinin Azərbaycana səfərindən sonra qərar veriləcəyini bildirmişdi.