Danimarka Futbol Assosiasiyası (DBU) İtaliyanın “Yuventus” klubunda çıxış edən futbolçu Niklas Bendtneri 6 aylıq diskvalifikasiya edib. Lent.az-ın məlumatına görə, bu müddətdə Bendtner Danimarka milli komandasında oynaya bilməz.
DBU-nun rəsmi açıqlamasında bildirilir ki, yığmanın baş məşqçisi Morten Olsen də qurum rəhbərliyinin qərarını dəstəkləyib. 25 yaşlı hücumçu yolverilməz hərəkəti üzündən cəzalandırılıb. Martın 3-ə keçən gecə sərxoş vəziyyətdə avtomobil idarə edərkən onu polislər yaxalayıblar. Bendtner bir neçə saatını polis bölməsində keçirib.
Qeyd edək ki, transfer hüququ “Arsenal”a məxsus olan Niklas Bendtner 2012-ci ilin dekabrında baldırındakı zədə üzündən meydana çıxmayıb. O, indiyədək Danimarka yığmasının heyətində 55 oyuna 22 qol vurub, 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarına qatılıb.