Rusiyalı tennisçi Mariya Şarapova “Böyük dəbilqə” seriyasından keçirilən Avstraliyanın açıq çempionatında finala yüksələ bilməyib. Lent.az-ın məlumatına görə, qadınların fərdi mübarizəsində Şarapova yarımfinalda çinli Na Liyə uduzub – 2:6, 2:6.
Görüş 1,5 saatdan çox davam edib. Əvvəllər bu iki tennisçi 12 dəfə üz-üzə gəlib. Şarapova görüşlərin 8-ini qələbə ilə başa vurub. Finalda Linin rəqibi belaruslu Viktoriya Azarenko olacaq. O, yarımfinalda Sloan Stivensi (ABŞ) yenib – 6:1, 6:4. Final görüşü yanvarın 26-da keçiriləcək.
Qeyd edək ki, kişilərin fərdi mübarizəsində yarımfinalda Novak Cokoviç (Serbiya) David Ferrerlə (İspaniya), Roje Federer (İsveçrə) isə Endi Mürreylə (Böyük Britaniya) qarşılaşacaq.