Azərbaycan millisinin növbəti oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Rusiya ilə sentyabrın 3-də baş tutacaq yoldaşlıq oyununu özbəkistanlı hakimlər idarə edəcək.
Moskvanın “Ximki Arena” stadionunda keçiriləcək qarşılaşma məşhur hakim Rövşən İrmatova tapşırılıb. Dünya çempionatlarının final mərhələlərində fit çaldığı matçların sayına görə rekordçu olan FİFA referisinə həmyerliləri Abduxamidullo Rəsulov və Əlişir Usmanov kömək edəcək.
Qeyd edək ki, R.İrmatov DÇ-2010-da və DÇ-2014-də ümumilikdə 9 matçın baş hakimi olub. Özbəkistanlı Asiya kuboku, klublararası dünya çempionatının finalında və 2012-ci ilin Olimpiya Oyunlarında iştirak edib.
Təcrübəli referi dəfələrlə Asiyanın ən yaxşı hakimi seçilib.