Rövnəq Abdullayev “Neftçi”yə barmaq silkələdi
12 aprel 2013 12:09 (UTC +04:00)

Rövnəq Abdullayev “Neftçi”yə barmaq silkələdi

 

Topaz Premyer Liqasının XXV turu çərçivəsində "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda və qarşılaşma başa çatdıqdan sonra baş verənlər, bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar son günlər geniş müzakirə olunur. Lent.az-ın məlumatına görə, bununla əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib.

 

Abdullayev bu oyun zamanı baş verən hadisələrin futbolumuza başucalığı gətirmədiyini deyib: “Ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. "Neftçi" - "Qarabağ" oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur”.

 

"Neftçi" klubunun məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə tanış olduğunu deyən AFFA prezidenti AFFA İntizam Komitəsinin mövqeyini haqlı sayıb: “Bilirəm ki, bu qərarlarla bağlı "Neftçi" klubu Apellyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, "Neftçi" klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdırlar. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər".

# 1949
avatar

Oxşar yazılar