Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo karyerasını Afrika klublarının birində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, hazırda Meksika “Kueretaro”sunda forma geyinən “sambaçı” Anqolanın “Kabuskorp” klubuna keçməyə çox yaxındı.
Bu haqda “Qara qitə” təmsilçisinin prezidenti Benedikt Kanqamba deyib. Mətbuata açıqlama verən klub rəhbəri Ronaldinyonun növbəti mövsümdən etibarən, komandasında oynayacağını iddia edib: “Bu qərar qətidi. Ronaldinyo ilə danışıqlarımız davam edir. Hazırkı komandasında mövsümün sonunda müqaviləsi başa çatacaq və yayda bizimlə müqavilə imzalayacaq”.
Qeyd edək ki, “Kabuskorp”da 2012-ci ildə digər braziliyalı futbolçu Rivaldo da forma geyinib.