Serbiyanın “Srvena Zvezda” klubunun hesabları bağlanılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bağlıdı.
Belə ki, xorvatiyalı çalışdırıcı “Srvena Zvezda”nın “sükanı arxası”nda olduğu dövrdə Belqradda qaldığı evin kirayə haqqı klub tərəfindən ödənilməyib. Paytaxt təmsilçisi konkret olaraq, 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrına qədər həmin evdə yaşamış Prosineçkiyə görə ev sahibinə borclu qalıb. Həmin borcun məbləği isə 37 min avroya bərabərdi.
Qarşı tərəfin şikayətçi olması klubun hesabının bağlanmasına səbəb olub. Maraqlıdı ki, son 7-8 ildə “Srvena Zvezda”nın başına bu cür hadisələr dəfələrlə gəlib. Lakin budəfəki səbəb digərlərindən fərqli olub.
Məsələ ilə bağlı açıqlama verən klubun maliyyə direktoru Stefan Pantoviç də məlumatı təsdiqləyib. O bildirib ki, Prosineçkinin vaxtilə yaşadığı evin sahibinə olan borc qısa zamanda ödəniləcək: “Mətbuatda yayılan bizim üçün yeni və təəccüblü xəbər deyil. Bu, iqtisadi durumumuzla bağlıdı. 2 il əvvəl 100 məhkəmə işimiz var idi. İndi isə 20 belə işimiz qalıb”.
Qeyd edək ki, Robert Prosineçki 2010-2012-ci illər ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub.