“Azərbaycan”: “Artıq yetər!”
Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup matçında daha aşağı reytinqli Lüksemburq yığması ilə Bakıda heç-heçə etməsinə rəsmi dövlət qəzeti “Azərbaycan” da biganə qalmayıb. Lent.az-ın məlumatına görə, qəzetin əməkdaşı Elçin Cəfərovun qələmə aldığı "Berti Foqtsla uçuruma yuvarlanan millimiz qələbənin nə olduğunu unudub" başlıqlı məqalədə daha çox millimizin baş məşqçisi Berti Foqts tənqid hədəfinə çevrilib.
Məqalədə qeyd olunur ki, iyunun 7-də “Bakcell Arena”da keçirilmiş oyuna azarkeşlər daha böyük həvəslə gəliblər. Çünki onlar millimizin Lüksemburqa qarşı qələbə qazanacağına ümid edirdilər: “Hər zaman olduğu kimi, bu dəfə də tarazlıq pozulmadı, yenə ümidlər puç oldu. Yəni komandamız növbəti dəfə xal itkisi ilə üzləşdi. Mübarizə 1:1 hesabı ilə nəticələndi. Hətta futbol tanrısının köməyi ilə son saniyələrdə məğlubiyyətdən qurtulduq”.
Müəllifin fikrincə, növbəti xal itkisinin “qəhrəman”ı yenə də almaniyalı baş məşqçi Berti Foqts olub. Bununla da Foqts millimizin sükanı arxasında antirekordlarını təkrarlamaqda davam edib: “Almaniyalı çalışdırıcı Lüksemburqla qarşılaşma öncəsi "Luxemburger Wort" qəzetinə müsahibəsində bildirib ki, hər iki komandanın səviyyəsi eynidir. Bu cür açıqlamalardan sonra rəhbərlik etdiyi komandanın futbolçuları qələbəyə necə köklənə bilərlər? Millimiz əhalisinin sayı yarım milyondan bir az artıq olan “cırtdan” ölkənin komandasına qalib gələ bilmirsə, bu gün yığmamızın hansı inkişafından danışa bilərik. Daim günahı klub məşqçilərində görən Foqts özü komandanın dirçəlməsi üçün bu illər ərzində nə edib? Güclü komandalarla görüşlərdə məğlubiyyətə bəraət qazandıran almaniyalı zəif yığmalarla qarşılaşmalarda xal itirdikdə isə günahı futbolçularda və azərbaycanlıların mentalitetində axtarır. Hər qarşılaşma sonrası mətbuat konfranslarında futbolçuları günahkar, özünü isə təmizə çıxarmaq heç də peşəkar məşqçiyə yaraşan hərəkət deyil. Bütün xal itkilərində millinin üzvlərini hədəf alan açıqlamalar səsləndirərək, onları ictimaiyyət qarşısında aciz duruma salan bir məşqçinin ölkə futboluna hər hansı bir töhfə verəcəyini demək çox çətindir. Ümumiyyətlə, bu gün Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Şotlandiya və Nigeriya yığmalarında uğursuzluqdan sonra onu milli komandamıza dəvət etməyin nə dərəcədə səhv addım olduğunu ümid edirik ki, AFFA rəhbərliyi gec də olsa anlayıb. Məntiq etibarı ilə sonuncu biabırçı xal itkisindən sonra Berti Foqts istefaya göndərilməlidir”.
Qəzet yazır ki, Foqts ölkəmizə gəldiyi gündən bəri hər toplanışda millinin heyətinə Almaniya daxili çempionatlarında öz komandalarında forma şansı tapa bilməyən çoxlu sayda oyunçular dəvət edib. Amma onların indiyə kimi millimizin oyunlarında heç bir üstün cəhətlərinin şahidi olmamışıq: “Əli Gökdəmir, Cihan Özkara, Ufuk Budaq, Rüfət Dadaşov və s. kimi futbolçuların komandaya əlavə güc qatmalarını görmədik. Yeri gəldikdə, öz yerli futbolçularımız onların hər birindən müxtəlif cəhətlərdən üstün oynayırlar. Qeyd ediləsi vacib məqamlardan biri də odur ki, “gəlmələr” yerli futbolçulardan heç də yaxşı oyun nümayiş etdirmirlər. Hətta fədakarlıq baxımından geri qalırlar. Sual yaranır: görəsən, cənab Foqts onları hər matç oynatmaqla, hansı məqsədləri güdür? Berti Foqts almaniyalı deyil, ingiltərəli və ya italiyalı olsaydı, yenə də həmin ölkələrdən yığmamıza futbolçular dəvət edərdimi?”
Müəllifin fikrincə, bu gün Foqtsun komandasının uğursuzluqlar seriyasını davam etdirməsinin səbəbi çox sadədir: almaniyalı mütəxəssis vahid heyət yaratmaq əvəzinə hər oyunda kifayət qədər yeni oyunçu cəlb edərək komandada “yeni kəşf”lərə çıxır. Artıq oyunun gedişində taktiki dəyişikliklərdə digər həmkarlarından geri qalan Foqtsa futbolçular da ümid etmirlər. Azarkeşlər isə milli komandada qələbə sevincinin nə olduğunu çoxdan unudublar. Sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib (3:2).
Sonda qəzet yazır: “Görəsən, nə vaxta kimi bu uğursuzluq davam edəcək? Fikrimizcə, artıq yetər! Azərbaycanlı futbolçuların da digər idmançılarımız kimi azarkeşləri sevindirmək vaxtı çatıb”.