Futbol üzrə Azərbaycan milli komandası Lüksemburq və Portuqaliya yığmaları ilə oyunlara hazırlığını Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda davam etdirir. Martın 18-də günün ikinci yarısına təsadüf edən axşam məşqini Lent.az-ın əməkdaşı da izləyib.
Saat 16:15-ə nəzərdə tutulan məşqə milli üzvləri vaxtından 5 dəqiqə gec çatıblar. Baş məşqçi Berti Foqts və futbolçular dərhal topla çalışmalara start veriblər. Bu zaman maraqlı hadisə yaşanıb. Ayrı-ayrı qruplara bölünərək, “kvadrat” oynayan futbolçulardan Kamran Ağayevin əlverişsiz ötürməsindən sonra Vüqar Nadirovdan mərkəzdəki oyunçu topu “oğurlaya” bilib. Kapitan Rəşad Sadıqov Nadirova “Topu verdin, gir ortaya” deyib. Hücumçu isə Ağayevi nəzərdə tutaraq, “8 aydır, oynamayandan bundan artıq nə ötürmə gözləyəsən?” söyləyib.
Daha bir maraqlı məqam məşqdən süjet hazırlamağa gələn bir telekanalın xanım əməkdaşının (həmin əməkdaşın hansı telekanalda çalışdığını etika xatirinə yazmırıq – E.M.) Rəşad Sadıqova ünvanladığı “Rəşad kimdi?” sualı olub. Sadıqov isə zarafatca “Rəşad burda deyil, o tərəfdədir” deyib.
Amma saatyarımadək davam edən məşq zamanı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin xanım əməkdaşı hazırlığı izləyən kənar şəxsləri, hətta jurnalistləri tribunaya göndərməyi bacarıb. Bəndəniz onunla birtəhər dil tapmağı bacarsa da, departament əməkdaşı məşqin ardından baş məşqçi Berti Foqtsla müsahibəyə mane olmağa çalışıb. Amma Foqts danışmaqdan imtina etmədiyi üçün müsahibə baş tutub.
Qeyd edək ki, hazırlıq prosesi zamanı Foqts xeyli əsəbi görünüb. O, tez-tez oyunçulara irad tutub. Baş məşqçi xüsusən, hücuma atılan futbolçuların dərhal geri qayıtmamalarından narazılığını gizlətməyib.