Rusiya paytaxtında keçirilən “Moscow Open 2013” beynəlxalq şahmat festivalına yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı 15 şahmatçı təmsil edib.
228 şahmatçının iştirak etdiyi A turnirində (güclülər) milli komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov 9 mümkün xaldan 7-ni toplayıb. O, 2 - 9-cu yerləri bölüşdürüb. Lakin əlavə göstəricilərdə Məmmədov 4-cü yeri tutub və medalsız qalıb. Millimizin digər üzvü, beynəlxalq qrossmeyster Qədir Hüseynov isə 6.5 xalla 13-cü olub. Qalib adını isə 7.5 xal yığan Rusiya şahmatçısı Boris Savcenko tutub.
Qadınların turnirində 172 şahmatçı mübarizə aparıb. Azərbaycanın zərif cinslilərindən ən yaxşı nəticəni Gəncə şahmat məktəbinin yetirməsi Səbinə İbrahimova göstərə bilib. O, 9 oyundan 6.5 xalla 16-cı yeri tutub. Nərmin Kazımova isə aktivinə 6 xal yazaraq 18-ci yerlə kifayətlənib.