İspaniyalı baş məşqçi Xosep Qvardiola “Barselona”da işlədiyi vaxt komandanın futbolçularını izlətdirmək üçün dedektivin xidmətlərindən yararlanıb. Lent.az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, Qvardiola 2008-ci ilin mayında “Barsa”nın sükanı arxasına keçdikdən dərhal sonra bu addımı atıb.
O, oyunçuların əyləncə müəssisələrinə baş çəkmələrinə qarşı olub. Gənc mütəxəssisin fikrincə, bu, futbolçuların durumuna mənfi təsir göstərə bilərdi. Ona görə də baş məşqçi yetirmələrinin boş vaxtlarını necə keçirmələrini bilmək istəyib.
İlk vaxtlarda Qvardiola Deku və Ronaldinyo, eləcə də hücumçu Samüel Eto O ilə maraqlanıb. Portuqaliyalı və braziliyalı yarımmüdafiəçilər 2008-2009-cu il mövsümü ərəfəsində, kamerunlu hücumçu isə 1 il sonra komandadan gedib. Baş məşqçi harada olduqlarını öyrənmək üçün futbolçulara vaxtaşırı zəng edib.
Qvardiola müdafiəçi Xerard Pikenin şəxsi həyatı ilə də maraqlanıb. Pike 2010-cu il dünya çempionatından sonra kolumbiyalı müğənni Şakira ilə görüşməyə başlayıb. Baş məşqçi Pikenin həyat yoldaşı ilə birgə gecə klublarına getmədiyinə əmin olmaq istəyib. Futbolçunun özü də izləndiyini hiss edib və bu barədə klub rəhbərliyini məlumatlandırıb. “Barsa”dan isə məsələnin araşdırılacağı deyilib.
Qeyd edək ki, Xosep Qvardiola 2011-2012-ci il mövsümünün sonunda “Barselona”nı tərk edərək, baş məşqçi fəaliyyətində 1 illik fasilə götürüb. O, 2013-cü ilin iyulunda Almaniya “Bavariya”sına rəhbərlik edəcək.