“Elxan müəllimlə görüş zamanı Reynaldonun millidə çıxış etməsi müzakirə olundu. O, Reynaldodan yığmada oynamaq istədiyini soruşdu. Futbolçu da böyük məmnuniyyətlə yığmada çıxış etməyə hazır olduğunu bildirdi”. Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov bu gün “Qarabağ”ın futbolçusu Reynaldo ilə birgə AFFA-nın inzibati binasında olub. Tərəflər AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirib. Görüş zamanı braziliyalı oyunçuya milli pasport verilməsi müzakirə olunub.
“Qarabağ”a Avroliqanın qrup mərhələsinə vəsiqə qazandırmış çalışdırıcı görüşün detalları haqqında bunları söyləyib: “Reynaldonun özü mənə millidə oynamağa hazır olduğunu söyləmişdi. Onun razılığı da bu məsələdə çox vacibdir. Elxan müəllim isə Reynaldonun millimizdə oynamasının çox çətin bir məsələ olduğunu vurğuladı. Bu məsələdə FİFA-nın qaydalarının müəyyən bəndləri var ki, onlara əməl etmək lazımdır”.
42 yaşlı çalışdırıcı AFFA-nın Bolqarıstanla oyundan sonra Reynaldoya görə FİFA-ya müraciət edəcəyini düşünür: “Hazırda AFFA həm FİFA, həm də Braziliya Futbol Federasiyası ilə danışıqlar aparmalıdır. Futbolçu ilə razılığa gəlinib, indi qalıb bu iki qurumdan razılıq almaq. Bu qurumlara müraciət etmək üçün konkret vaxt deyilmədi. Amma artıq bu işə başlayacaqlarını Elxan müəllim nəzərimizə çatdırdı. Yəqin ki, sabahdan bu işə başlayacaqlar. Ola bilsin ki, millinin Bolqarıstanla oyunu var deyə, bir qədər ləngimə olsun. Amma düşünürəm ki, bu matçdan sonra AFFA bu məsələ üzrə lazımi orqanlarla danışıqlara başlayacaq. Biz, “Qarabağ” tərəfdən də Reynaldonun milliləşdirilməsi məsələsində heç bir problem yoxdur”.
Qeyd edək ki, FİFA-nın mövcud qaydalarına görə, bir ölkə ilə heç bir bağlılığı olmayan futbolçuya başqa millidə oynamağa yalnız 1 dəfə icazə verilir. Həmin oyunçu da 5 il ərzində yığmasında oynamağa razılıq verdiyi ölkədə yaşamalıdır. Bu üzdən FİFA-nın Reynaldoya milli pasport verilməsi haqqında qərar çıxaracağı inandırıcı görünmür.