Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində 2001-2002–ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı keçirilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yarışın açılış mərasimində çıxış edənlər bildiriblər ki, idman məktəblərinin VI respublika oyunlarının proqramına uyğun olaraq keçirilən turnirin əsas məqsədi respublikada sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılması, həmçinin onların idman ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, yığma komandalara namizədlərin hazırlanmasından ibarətdir.
Zona birinciliyində ölkənin 14 rayonundan 140 güləşçi 14 çəki dərəcəsində mübarizə aparıb.
Yarışda Miryusif Rüstəmov (26 kq, Bərdə), Əjdər Vəliyev (29 kq, Xaçmaz), İbrahim Eyvazov (32 kq, Şamaxı), Həsrət Maqsudov (35 kq, Şabran), Muradağa Ağamalıyev (38 kq, Siyəzən), Elşən Ələkbərov (42 kq, Xızı), Tural Səfərov (45 kq, Siyəzən), Şahin Bədirli (48 kq, İsmayıllı), Orxan İsmayılov (52 kq, Yevlax), Məhəmmədəli Baxşıyev (56 kq, Qobustan), Murad Şəfiyev (60 kq, Qəbələ), Murad Yusifzadə (65 kq, Xaçmaz), Alxan Abdullayev (75 kq, Yevlax), Fərman Şükürov (80 kq, Ağdam) birinci yeri tutublar.
Hər çəki dərəcəsi üzrə birinci və ikinci yerləri tutan güləşçilər Balakən rayonunda keçiriləcək yarışın final mərhələsinə vəsiqə qazanıblar.