"Hamını salamlayıram. 11 gündü Bakıdayam. Bir neçə oyunu stadiondan canlı izləmişəm. İndiyə qədər gördüyümdən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki deyib.
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında yığmamızın baş məşqçi postuna təsdiqlənən 45 yaşlı xorvatiyalı mütəxəssis KİV nümayəndələrinin suallarını cavablandırıb. Prosineçki bildirib ki, ölkəmizə gəldiyi gündən Bakıdan, Azərbaycandan və futbolumuzdan razıdı: “Gördüyüm oyunçular məni qane edir. Əlimdən gələni edəcəm ki, Azərbaycan futbolu qabağa getsin”.
Azərbaycanda yaşayacağını bildirən xorvatiyalı mətbuata açıq olacağını da vurğulayıb: “AFFA-nın prezidenti Rövnəq Abdullayevə də dedim ki, burada yaşayacam, ailəm Bakıda qalacaq. Bu mənə çox kömək edəcək. Mətbuatla da əlaqəm yaxşı olacaq. Sualları mənə verə bilərsiz”.
- Sizlə çalışacaq yerli məşqçiləri seçmisizmi?
- Bir neçə görüşlər keçirmişəm və bu, davam edəcək. Baş katiblə danışacam. Yerli köməkçilərin adları ilin sonuna qədər bilinəcək.
- Sizdən əvvəlki baş məşqçi Berti Foqts köməkçiləri Aslan Kərimov və Mahmud Qurbanovla məsləhətlər aparmırdı. Bəs siz necə, yerli köməkçilərin məsləhətini dinləyəcəksiniz?
- Mən stadionlarda oyunları canlı izləyəcəm. Sözsüz ki, köməkçilərimlə də danışacam. Bundan əlavə, Məşqçilər Komitəsi ilə də ünsiyyətdə olacam. Onların məsləhətlərinə həmişə qulaq asacam.
- Ölkəmizə gəlməmişdən öncə Azərbaycan futboluna bələd idiniz?
- Təbii ki. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Azərbaycan matçını canlı izlədim. Həmçinin, 10 gündü çempionat oyunlarına da baxıram. Bundan əlavə, klubların qış toplanışına da gedəcəyəm.
- Azərbaycanda bəyəndiyiniz futbolçu varmı?
- Var, amma onların adlarını açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, istedadlı oyunçu az deyil. İlk növbədə, "Neftçi" və "Qarabağ" klublarında elə oyunçular var ki, onlar milliyə kömək edə bilərlər. Vaxt gələcək ad çəkəcəyəm, amma bunu indi demək istəmirəm. Azərbaycanda futbolçu potensialı var.
- Foqtsdan sonra Azərbaycan millisini götürməyin çətin olduğunu anlayırsız? Son 4 oyunda məğlub olmuşuq, millidən xallar gözləyrik. Ötən seçmə mərhələdəki nəticədən zəif nəticə göstərmək istəmirik...
- Mən məşqçi kimi həmişə optimist olmuşam. Komandanın üzərində çox çalışacağıq. Bayaq dediyim kimi, potensiallı oyunçular var. Bəli, biz İtaliya və Xorvatiyanı uda bilmərik. Amma ən azından, bundan yaxşı futbol göstərə bilərik. Son məğlubiyyətlərdən sonra komandada fiziki durum yerində deyil. Bunun üzərində işləyəcəyik. Növbəti oyuna kimi hazır olmalıyıq.
- Almaniyalı baş məşqçi 6 ildə bizim yığmaya dağıdıcı futbol aşılamaq istəsə də, alınmadı. Siz hansı oyun tərzini seçəcəksiz? Bizim yaradıcı futbol göstərmək imkanımız varmı?
- Məncə, Azərbaycan millisi müdafiədə oynamağa vərdiş edib. İndi biz hücum etməyi öyrənməliyik. Görürəm ki, texniki cəhətdən güclü futbolçularımız çoxdu. Amma bunu etmək çətin olmayacaq.
- Gəncləşdirmə siyasəti aparılacaqsa, Rəşad Sadıqov kimi təcrübəli futbolçular yığmaya çağırılmayacaq?
- Hər oyunçunun millidə oynamaq imkanı var, eləcə də təcrübəlilərin. Hamısı ilə söhbət edəcəyəm. Təbii ki, millidə yeni adlar olacaq. Amma bu o demək deyil ki, təcrübəlilərdən imtina edəcəyik. Futbolçulardan çox şey asılıdır, onlar özlərinə inanmalıdırlar.