Premyer Liqanın yeni formatına dəstək gəlir - RƏYLƏR
14 mart 2013 16:59 (UTC +04:00)

Premyer Liqanın yeni formatına dəstək gəlir - RƏYLƏR

İdman Araşdırmalar Mərkəzinin (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kubokunun yeni formatı ilə bağlı təkliflərə futbol ictimaiyyətindən reaksiya gəlib. Lent.az klub rəsmiləri, mütəxəssislər və AFFA-dan İAM-ın təkliflərinə münasibət öyrənib:

 

Georgi Nikolov (“İnter” klubunun prezidenti): “Çox maraqlı təkliflərdir. Biz “6-lıq” sisteminin ləğvini nəzərdə tutan istənilən təklifi dəstəkləyirik. Amma bilmirəm Peşəkar Futbol Liqası buna necə reaksiya verəcək. Bir müddət öncə AFFA-da klublarla keçirilən görüşdə də mən “6-lıq” sisteminin ləğvi barədə məsələ qaldırmışdım. Bir neçə klub bu məsələdə mənə dəstək versə də, müzakirələrin gedişindən elə anlamışdım ki, təklif qəbul olunmayacaq. 14 komandalı çempionatın qəbul olunması üçün I diviziondan daha 2-si gəlməlidir. Belə bir imkana malik klubların isə olmadığı deyilir. Düzdür, təklif olunub ki, cərimələr, üzvlük haqları və ya legionerlər üçün rüsumlar azaldılsın. Bu, klubların xərclərinin cüzi hissəsi olsa da, müəyyən mənada köməkdir. Amma ödəmələr PFL-in büdcəsinə daxil olur, o da qurumun ehtiyaclarına sərf olunur. Heç kim öz pulundan imtina etməz. Bilmirəm, bu halda PFL gəlirinin azalmasına razılaşacaqmı? Ölkə kubokunda qrup mərhələsinin tətbiqini isə tam dəstəkləyirəm və hesab edirəm ki, bu, qəbul edilməlidir. Çünki istər-istəməz 16 komanda arasında I divizion təmsilçiləri də yer alacaq. Bu isə aşağı liqa və Premyer Liqa komandaları arasındakı ciddi fərqin götürülməsinə böyük kömək olacaq”.

 

Bəhruz Şirəliyev (“Rəvan” klubunun vitse-prezidenti): “Biz də “6-lıq” sisteminin dəyişdirilməlidir. Amma İAM-ın Premyer Liqada 14 komandadan ibarət 2 dövrəlik mübarizə təklifinin müzakirəyə ehtiyacı var. Çünki I diviziondan həqiqətən də komandaların gəlmək istəmədiyi bildirilir. Düzdür, Premyer Liqada cərimə və üzvlük haqları azaldılsa, klublara müəyyən kömək olar. Amma bunun nə dərəcədə yüksək təsir göstərəcəyini deyə bilmərəm. Azərbaycan Kubokunun formatı ilə bağlı təklif isə maraqlıdır və müsbət dəyərləndirirəm”.

 

Vaqif Sadıqov (AZAL klubunun baş məşqçisi): “Mən çoxdan deyirəm ki, “6-lıq” sistemi ləğv olunmalıdır. Daha çox bölgənin təmsil olunması üçün Premyer Liqadakı klubların sayı artırılmalıdır. Ona görə də komandaların sayının 14-ə çatdırılması çox maraqlı təklifdir. Elə ölkə kubokunda qrup mərhələsinin tətbiqinin də üstünlükləri var. Milli komandanın futbolçusu il ərzində 50-60 görüş keçirməlidir. Bu baxımdan, qrup mərhələsindəki oyunlar da praktika sarıdan əziyyət çəkməməyə kömək edə bilər. Mükafat fondu da Çempionlar Liqası və Avropa Liqasındakı kimi bölüşdürülməlidir. Bir sözlə, təkliflərin hər birinin necə deyərlər, yeri var. Hesab edirəm ki, hamı bu təkliflərin müzakirəsinə qoşulmalıdır”.     

 

Mikayıl Nərimanoğlu (AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi): “Futbolun inkişafına istiqamətlənmiş istənilən təklif təqdirəlayiqdir. Əgər təklif irəli sürülübsə, demək, onun üzərində zəhmət çəkiblər və baxılmalıdır. Amma qərar vermək səlahiyyəti sırf AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir”.

 

Kazbek Tuayev (Veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü): “Təklifin irəli sürülməsi yaxşı haldır və müzakirə olunmalıdır. Hər bir təklifə normal yanaşmaq lazımdır. Amma mənim də öz mövqeyim var və AFFA İcraiyyə Komitəsinin iclasında açıqlayacam”.

# 729

Oxşar yazılar