Premyer Liqa “Kəpəz”siz qaldı
12 aprel 2013 18:55 (UTC +04:00)

Premyer Liqa “Kəpəz”siz qaldı

Futbol üzrə Topaz Premyer Liqasında XXVI tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda Bakının “Rəvan” klubu Gəncə “Kəpəz”ini qəbul edib.

 

Paytaxtdakı “Bayıl Arena”da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Xuan Manuel Varea 44 və 55-ci dəqiqələrdə “dubl” edib. Son nöqtəni isə 58-ci dəqiqədə Tofiq Mikayılov qoyub.

 

Bununla da xallarını 34-ə çatdıran “Rəvan” 8-ci pilləyə qalxıb. 10 xalla 12-ci pillədə qalan “Kəpəz”insə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Gələn mövsüm elitada 10 komanda mübarizə aparacağından, bu mövsüm axırıncı 2 pilləni tutanlar I diviziona enməlidirlər. Sona 6 tur qalmış sonuncu pillədə olan “Kəpəz” 10-cu mövqedəki “Sumqayıt”dan 18 xal geri qalır. Şəxsi görüşlərdə “Sumqayıt” üstün olduğundan, Premyer Liqadakı qalan oyunları Gəncə komandası üçün heç bir xüsusi əhəmiyyət kəsb etməyəcək. 

 

Qeyd edək ki, Azərbaycanın ikinci ən böyük şəhərini təmsil edən “Kəpəz” 1959-cu ildə yaradılıb. Gəncə komandası 3 dəfə (1994/1995, 1997/1998, 1998/1999) Azərbaycan çempionu, 4 dəfə (1993/1994, 1996/1997, 1997/1998, 1999/2000) ölkə kubokunun qalibi olub.

# 729
avatar

Oxşar yazılar