Avropa Liqasının IV turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək PAOK-un təxmini “11-liy”i müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Yunanıstan mətbuatı Saloniki təmsilçisinin bu gün meydana çıxacaq heyətindən yazıb.
Həmkarlarımızın yazdığına inansaq, baş məşqçi Vladimir İviç 4-5-1 taktiki sxemindən yararlanacaq.
Çərçivədə qrupun ilk 3 matçında qapını qoruyan Panagiotis Qlikosun dayanacağını müəyyən etmək çətin deyil. Həmkarlarımızın iddiasına görə, müdafiənin mərkəzində Xose Anxel Krespo ilə zədəsini yenicə sağaldan Georgios Tzavellas tandem təşkil edəcəklər. Sol cinah Marin Leovatsa tapşırılacaqsa, sağda AEK-lə son çempionat matçının ən yaxşısı seçilən Leo Matos yer alacaq.
İviç dayaq yarımmüdafiəçisi kimi 2 oyunçuya güvənəcək. Belə ki, Qoyko Tsimirot və Xose Kanas “Qarabağ”ın hücumlarını qarşılaşayacaq ilk oyunçular olmalıdı. Yannis Mistakidis, Dieqo Bisesvar və Qarri Rodrigesə isə əsasən hücuma dəstək vermək tapşırığı veriləcək. Uzun fasilədən sonra start heyətində meydana çıxması gözlənilən Bisesvar “10 nömrə” funksiyasını yerinə yetirməli olacaq. Rodriges sol, Mistakidis isə sağ cinahdan hücumçunu topla təmin etməyə çalışacaq.
PAOK-un bugünkü qarşılaşmada qol “silahı” Stefanos Atanasiadis olacaq. Ancaq yerli KİV son vaxtlar müntəzəm oynadığı üçün yorğun görünən Atanasiadisi argentinalı Fakundo Pereyranın əvəzləyəcəyini də istisna etmir.
“Qarabağ”da isə heyət zədəlilər Rəşad Sadıqov, Migel Madera və Reynaldonun durumuna görə müəyyənləşəcək. Hazırkı vəziyyətdə qapıda İbrahim Şehiç dayanacaq. Rəşad oynamaq iqtidarında olsa, müdafiənin mərkəzində Bədavi Hüseynovla çiyin-çiyinə çıxış edəcək. Belədə sağ Maksim Medvedevə, sol isə Ansi Aqolliyə tapşırılacaq. Kapitan meydana çıxmasa, o zaman Medvedev mərkəzə çəkiləcək, sağ cinahda isə Arif Daşdəmirov oynayacaq.
Orta sahədə həmişəki kimi, Qara Qarayevlə Riçard Almeydanın iştirakı dəqiqdi. Dani Kintana və Muarem Muarem isə müvafiq olaraq sağ və sol cinahlardakı yerlərini tutacaqlar. Migeli matça yetişdirmək mümkün olmasa, o zaman yarımmüdafiənin mərkəzində Rahid Əmirquliyev “döyüşəcək”.
Hücum xəttində də hələlik kimin oynayacağı bəlli deyil. Reynaldo hazır olarsa, komandamızın qol yükünü o daşıyacaq. Əks təqdirdə, baş məşqçi Qurban Qurbanov hücumda Dino Ndlovuya etibar edəcək.
PAOK-un təxmini heyəti: Panagiotis Qlikos - Leo Matos, Xose Anxel Krespo, Georgios Tzavellas, Marin Leovats - Qoyko Tsimirot, Xose Kanas, Yannis Mistakidis, Dieqo Bisesvar, Qarri Rodriges - Stefanos Atanasiadis (Fakundo Pereyra)
“Qarabağ”ın təxmini heyəti: İbrahim Şehiç - Rəşad Sadıqov (Arif Daşdəmirov), Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli - Qara Qarayev, Riçard Almeyda, Migel Madera (Rahid Əmirquliyev), Dani Kintana, Muarem Muarem – Reynaldo (Dino Ndlovu).
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:05-də start götürəcək PAOK – “Qarabağ” oyunu Saloniki şəhərində yerləşən “Tumba” stadionunda keçiriləcək.