“Xəzər Lənkəran” klubu növbəti futbolçu transferini həyata keçirib. Lent.az-ın məlumatına görə, cənub təmsilçisi Azərbaycan milli komandasının üzvü Uğur Pamukla iki illik müqavilə imzalayıb.
1989-cu ildə Almaniyanın Bielfeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/2008-ci il mövsümünü məhz bu komandada keçirib. 2008-ci ilin yayında aşağı dəstə təmsilçisi “TuS Dornberq”ə yollanan hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubda sonuncu 2011/2012-ci il mövsümünün ilk yarısında o, Azərbaycana transfer olunub.
2012-ci ilin yanvarından Pamuk “Sumqayıt”ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.