“Azərbaycan yığmasının ABŞ-a 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşünə baxmışam. Komandanız meydana 4-2-3-1 sxemi ilə çıxmışdı. Həmin matçda künc zərbəsindən sonra qol vuruldu. Azərbaycan futbolçuları həmişə texniki cəhətdən seçiliblər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov deyib.
Sabah yoldaşlıq görüşü çərçivəsində millimizlə qarşılaşacaq asiyalıların çalışdırıcısı hazırda mətbuat keçirir. Yığmamızın heyətində hansısa futbolçunu tanımadığını deyən özbəkistanlı çalışdırıcı yalnız 4 və 7 nömrəli oyunçuları fərqləndirib: “Heç kimi tanımıram. Yalnız 4 və 7 nömrəli formanı geyinən futbolçuların yaxşı oyunçular olduğunu bilirəm. Qarşıdan İordaniya və Yeni Zelandiya ilə seçmə oyunlar gəlir. Biz bu görüşlərə hazırlaşırıq. Ona görə ehtiyat heyətin nəyə qadir olduğunu bilmək istəyirik”.
M.Qasımov “Neftçi”nin keçmiş hücumçusu Bahodir Nasimovun klubsuz qaldığı üçün yığmanın heyətinə çağırılmadığını bildirib.