Növbəti mövsüm Türkiyə Super Liqası matçlarının əksəriyyəti gündüz saatlarında keçirilə bilər. Lent.az-ın məlumatına görə, bu barədə ölkənin gənclər və idman naziri Suat Kılıç açıqlama verib.
O, futbol meydanlarındakı iğtişaşların qarşısını almaq üçün bu addımı atmaq istədiklərini söyləyib. Kılıç yayım hüququna malik və artıq dövlət nəzarətində olan “LigTV” ilə yaxın vaxtlarda danışıqlar aparacaqlarını əlavə edib: “Bəzi matçlar gecə keçirilə bilər, amma çoxunun gündüz oynanılmasının tərəfdarıyam. Ailələr gəlib gündüz matçlarını izləyər, axşam isə başqa bir proqram həyata keçirə bilərlər. Gənclər isə gündüz matçlarını izlədikdən sonra başqa fəaliyyətlə məşğul olacaqlar. İngiltərədə, İspaniyada gündüz matçlarının üstünlüklərini görürük”.
Nazir yaxın vaxtlarda klub prezidentləri ilə də görüşəcəklərini açıqlayıb.