Azərbaycan akademik avarçəkəni İspaniyanın Sevilya şəhərində keçirilən Avropa çempionatında finala çıxıb. Lent.az-ın məlumatına görə, iyunun 1-də keçirilən yarımfinal yürüşündə 23 yaşlı idmançımız 2000 metr məsafəni 7 dəqiqə 58,14 saniyəyə 3-cü qət edib.
O, yalnız çexiyalı Andrey Sinek (7:53.07) və litvalı Mindauqas Qrişkonisdən (7:55.07) geri qalaraq, 6 yürüş iştirakçısı arasında 3-cü olub. Aleksandrov hər 2 rəqibi ilə birgə finala adlayıb. Digər yarımfinal yürüşündən isə həlledici mərhələyə almaniyalı Marsel Hakker (7:48.90), hollandiyalı Roel Bras (7:55.37) və israilli Dani Fridman (7:56.49) çıxıb. Final yürüşü iyunun 2-də olacaq.
Avropa çempionatındakı digər təmsilçilərimizə gəldikdə, İvan Antov – Boris Yotov dueti yarımfinalda 7 dəqiqə 6,67 saniyə nəticə ilə 4-cü yeri tutaraq, əsas finala yüksələ bilməyib. Duetimizin həlledici yürüşə vəsiqə qazanmağa 0,32 saniyəsi çatmayıb. Antov – Yotov cütlüyü 7 – 12-ci yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında da finala vəsiqə qazanıb və yekunda 5-ci olub. Beynəlxalq Akademik Avarçəkmə Federasiyası onu ötən ilin parlaq ulduzu sayıb.