Türkiyənin olimpiya və Avropa çempionları atletizmdən uzaqlaşdırılıb. Lent.az-ın “Anspress”ə istinadən verdiyi məlumata görə, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Aslı Çakır Alptekin və Avropa çempionu Nevin Yanıtın qanında dopinq aşkarlandığını bildirib.
İAAF-ın sözçüsü Nik Devis Alptekinin bioloji pasportundakı məlumatlara görə atletin qan dəyərlərinin anomal olduğunu bildirib. Digər atlet, qaçış üzrə 60 metr məsafədə Avropa çempionu Nevin Yanıtın isə qanının dopinq testində bir neçə dəfə müsbət nəticə göstərdiyi bildirilib. Devisin sözlərinə görə, atletlərin günahları sübuta yetiriləcəyi təqdirdə hər ikisinin medalı əlindən alınacaq.
Qeyd edək ki, İAAF olimpiya çempionu Aslı Çakır Alptekin və Avropa çempionu Nevin Yanıtı dopinq şübhəsi ilə günahsız olmaları sübuta yetirilənə qədər atletizmdən uzaqlaşdırıldıqlarını bildirib.