Misirdə keçirilmiş “Alexandria Open” beynəlxalq turniri Azərbaycan taekvondoçularının möhtəşəm zəfəri ilə başa çatıb. Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışının ilk günündə 10 medal qazanan komandamız ertəsi gün daha 10 müxtəlif əyarlı mükafatla ənənəvi turniri lider kimi başa vurub.
Fevralın 26-da keçirilən görüşlərdə Samir Aydınov (54 kq) qızıl medal, Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq) və Xəyalə Quliyeva (46 kq) isə gümüş mükafata sahib olublar. Bürünc medalları Günay Ağayeva (53 kq), Fərid Tağızadə (87 kq) və Səbinə Mikaylova (62 kq) əldə edib. Bir gün əvvəl isə Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları Hüseyn Mehrəliyev (68 kq), Surə Fərəcli (49 kq) və Günay Ağakişiyeva (57 kq) qazanıb. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.
Milli komandaların baş məşqçisi Ələkbər İmaməliyevin, milli komandaların böyük məşqçisi və qadınların baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə İskəndəriyyədə V açıq beynəlxalq turnirdə 5 qızıl, 9 gümüş və 6 bürünc olmaqla 20 medal qazanan böyüklərdən ibarət komandamız birinci pilləni, o cümlədən kişilər birinci yeri, qadınlar isə ikinci yeri tutublar. Müxtəlif yaş qrupları üzrə “Alexandria Open” turnirinə 13 ölkədən 500-dək idmançı qatılıb.