Qahirənin “Əl-Əhli” klubunun azarkeşləri Misir Futbol Federasiyasının mənzil qərargahına hücum edərək binanı yandırıblar. Lent.az-ın məlumatına görə, fanatlar ötən il stadionda baş vermiş toqquşmalarla bağlı ittiham olunan 9 məmurdan 7-nin bəraət almasına qəzəblənib.
Hadisə nəticəsində yaxınlıqdakı polis idarəsinin zabitlər klubu da yanıb.
Qeyd edək ki, daha öncə məhkəmə 74 nəfərin ölümü ilə nəticələnən hadisələrlə bağlı “Əl-Məsri”nin 21 azarkeşinə ölüm hökmü kəsib. Eyni zamanda təhlükəsizliyə cavabdeh 9 yüksək rütbəli məmurdan cəmi 2-si 15 ilədək həbs cəzası alıb. Qalanlarına isə bəraət verilib.