Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turnirə start verilib. Lent.az-ın məlumatına görə, yarışda 11 ölkənin 118 boksçusu iştirak edir.
Azərbaycan təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qətər, Fransa, Gürcüstan və İran idmançıları da qələbə uğrunda mübarizə aparırlar. Yarışın ilk günündə milli komandamızın aparıcı boksçularından Samir Məmmədov, Cavid Çələbiyev, İlkin Ağayev, Heybətulla Hacəliyev və Emil Əhmədov rinqə çıxıb.
2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov (56 kq) ilk görüşdə Türkmənistan təmsilçisi Yakub Meredovu 14:10 hesabı ilə məğlub edib.
İlkin Ağayev də (56 kq) yarışa qələbə ilə başlayıb. Millimizin üzvü Qətər idmançısı Othman Coma üzərində asan qalibiyyət əldə edib – 20:3.
Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) turnirə qələbə ilə başlayıb. Həmyerlimiz özbəkistanlı Bobur Aytbayevi 17:11 hesabı ilə məğlub edib.
75 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Boksçumuz Qətər nümayəndəsi Hzam Əhməd Nabahı 15:5 hesabı ilə üstələyib.
Cavid Çələbiyev (56 kq) isə yarışla erkən vidalaşmalı olub. Bu yaxınlarda “Strandja” turnirində bürünc medal almış həmyerlimiz gürcüstanlı Georg Qoqatişviliyə 11:12 hesabı ilə uduzub.
Qeyd edək ki, “Böyük İpək Yolu” turnirinə martın 10-da yekun vurulacaq.