Türkiyə PTT 1-ci Liqasında çıxış edən “Manisaspor” klubu FIFA tərəfindən şok cəzaya məruz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, manisalıların 6 xalı silinə bilər.
Belə ki, klub 2010-cu ildə “Benfika”dan Makukulanın transferi zamanı portuqallara borclu olduğu 2 milyon avronu ödəməkdən imtina edib. Portuqaliyalıların FIFA-ya şikayətindən sonra, 1.7 milyon avro ödəməyə məcbur olunan PTT 1-ci liqa klubu bu məbləği aprel ayının 6-na kimi ödəməli idi. Ancaq ödəniş yerinə yetirilmədiyi üçün ali futbol qurumunun təlimatları əsasında komandanın 6 xalı silinməlidi.
Xatırladaq ki, bir zamanlar millimizin heyətində çıxış etmiş Branimir Subaşiçin də formasını geyindiyi klub turnir cədvəlinin alt sıralarında yer alır. İndiki halda, "Manisaspor"un xalı silinərsə, komandanın aşağı liqaya yuvarlanacağı dəqiqləşəcək.