İngiltərə milli komandasının sabiq futbolçusu Maykl Ouen mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb. Lent.az-ın məlumatına görə, hazırda Premyer Liqa klublarından “Stok Siti”də çıxış edən 33 yaşlı hücumçu “pərdəni endirmək üçün əsl vaxtın yetişdiyini” açıqlayıb.
O, müəyyən həddə gəlib çatmasında həyat yoldaşı Luizaya, valideynlərinə, qardaşlarına, birgə çalışdığı baş məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, Maykl Ouen peşəkar futbolçu karyerasına 1996-cı ildə “Liverpul”da başlayıb. Ouen bu klubda keçirdiyi 8 il ərzində UEFA Kuboku və Superkubokunu, İngiltərə Federasiya Kubokunu qazanıb, 306 oyuna 179 qol vurub. Məşhur forvard ardından İspaniyanın “Real Madrid”, İngiltərənin “Nyukasl” və “Mançester Yunayted” klublarının da formasını geyinib. O, 18 yaşında ikən İngiltərənin əsas millisinin formasını geyinib və 1998-ci il dünya çempionatında çıxış edib. Həmin mundialda 18 yaş 190 günlüyündə ikən Ouen Rumıniyanın qapısına qol vurub və dünya çempionatları tarixində fərqlənən ən gənc oyunçu sayılıb. Təcrübəli futbolçu millidə 89 matçda 40 qol vurub.