Madrid “Real”ında daha bir futbolçunun azarkeşlərlə arası dəyib. Apasport.az saytının məlumatına görə, hücumçu Kriştianu Ronaldodan sonra müdafiəçi Marselo da “kral klubu”nun fanatlarının ünvanına xoşagəlməz ifadə işlədib.
Hadisələrin bu məcraya gəlməsinə braziliyalı futbolçunun instaqram səhifəsindəki paylaşımı səbəb olub. Belə ki, Marselo dünən 25 yaşı tamam olan həmyerlisi Neymarı instaqram səhifəsi vasitəsilə təbrik edib.
Onun eyni gündə doğum günü olan komanda yoldaşı Ronaldonu deyil, “Barselona”nın oyunçusunu təbrik etməsi azarkeşlərin narazılığına səbəb olub. Onların həmin paylaşımın aşağısından “Niyə Ronaldonun yerinə Neymarı təbrik edirsən?”, “Dünyanın ən güclü futbolçusunu təbrik etməyi unutdun?” kimi suallarını Marselo bir cümlə ilə cavablandırıb: “Çənənizi yumun, axmaqlar”.
Qeyd edək ki, dünən Kriştianu Ronaldonun 32 yaşı tamam olub.